“Qəbələ”nin iki futbolçusu – Samuel Tetteh və Ülvi İsgəndərov Premyer Liqanın son turunda “Sumqayıt”la matçı buraxacaqlar.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəyi səfər oyununa hazırlığı başa vurub. Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb. Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşmasına saat 19:00-da start veriləcək.
Bu qarşılaşma iki rəqib arasında 50-ci duel kimi tarixə düşəcək. Komandalar indiyə qədər 49 matçda qarşılaşıblar. “Qırmızı-qaralar” bu qarşılaşmalarda üstünlüyə malikdir.
Hesabında 27 qələbə olan “Qəbələ” 15 heç-heçə edib və 7 dəfə məğlub olub. Rəqib qapısından 74 top keçirən Qəbələnin eyniadlı komandası 37 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 qol vurub.
Premyer Liqa çərçivəsində baş tutan 46 görüşdə 25 dəfə üç xal qazanan “Qəbələ” 14 sülhə imza atıb. 7 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 71-36-dır. Digər üç duel ölkə kubokuna təsadüf edib.
Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 22 oyunda 9 dəfə qalib gəlib. 9 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri qələbəyə seviniblər. Səfərdə 31 top vuran “Qəbələ” futbolçuları 20 top buraxıblar.


