“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın sükanı arxasında gələcəyi bağlı danışıb.
Arena.az xatırladır ki, dünən, mayın 25-də İngiltərə Kubokunun finalından sonra niderlandlı mütəxəssisin, oyunun nəticəsindən asılı olmayaraq, “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən istefaya göndəriləcəyi haqda mətbuatda xəbərlər səngimirdi.
Xatırladaq ki, Londonun məşhur “Uembli” stadionunda keçirilmiş final oyununda “qırmızı şeytanlar” əzəli rəqibləri “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub ediblər.
Final oyunundan sonra Erik ten Haqın səsəndirdiyi ilk fikir isə bu olub: “Mən, gələcəyim haqqında danışmıram. İndi məsələ məndə deyil, komanda və Kuboku qazanmaqla bağlıdır”.
Daha sonra niderlandlı mütəxəssis klubdakı işi ilə bağlı müsahibə verib:
“İki ildə iki kubok pis deyil, iki ildə üç final pis deyil. Biz irəliləməyə davam etməliyik. Bu, məni qane etmir, biz daha yaxşısına nail olmalıyıq.
“Mançester Yunayted”də işə başlayanda dedim ki, mən qələbə üçün buradayam və komanda qurmaq istəyirəm, hər ikisini də edirəm. Amma məni klubda daha istəməsələr, başqa yerə gedəcəyəm, oyunlar və kuboklar qazanacağam, çünki bütün karyeram ərzində elə, bununla məşğul olmuşan”.
Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 114 oyun keçirib, 68 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıblar. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 207 qol vurub, 156 qol buraxıb.
Cari mövsün digər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə vermir.
Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.


