“Mançester Yunayted”də icarədə olan “Fiorentina”nın futbolçusu Sofyan Amrabat karyerasının İngilətə klubu ilə mümkün davamı haqda danışıb.
Arena.az mərakeşli futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Mənim üçün “Mançester Yunayted”də qalmaq bir seçimdir. Bu barədə danışacağıq. “Mançester Yunayted” dünyanın ən böyük klubudur, bəs kim burada oynamaq istəməz ki?”, deyə Amrabat bildirib.
Xatırladaq ki, “Mançester Yunayted” Sofyan Amrabatı 2023-cü ilin yayında İtaliyanın “Fiorentina” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürmüşdü. 27 yaşlı futbolçu İngiltərə nəhənginin heyətində 30 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşməyib.
2014-cü ildə Utrext akademiyasını bitirdikdən sonra Amrabat 2014/2015 mövsümündə Erediviziyada 4 oyun keçirib və sonra Ten Haqın baş məşqçi vəzifəsinə gəlişindən sonra o, əsas komandanın oyunçusuna çevrilib. Amrabat “Utrext”dən “Feyenoord”a, oradan isə “Brügge”yə keçib. Ardınca o, İtaliyaya – “Verona”ya icarəyə yollanıb, buradan isə 2020-ci ilin yanvarında 19,5 milyon avro qarşılığında “Fiorentina”ya keçib.
2022/2023 mövsümündə Amrabat “Fiorentina”nın heyətində 49 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Ümumilikdə Amrabat Florensiya komandasında 107 oyun keçirib, 1 qol və eyni sayda məhsuldar ötürmə verib.
Amrabatın İtaliya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir.
Sofyan Amrabat 2017-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 56 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. O, komandasının fəxri 4-cü yeri tutduğu 2022-ci ildə keçirilmiş Qətər mündialında iştirak edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


