Siyasət Əsgərov: “Hakimlərin oyun ərzində qərarları çox gülünc idi”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyə yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, milli komandamız bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda səfərdə Türkiyə yığması ilə qarşılaşıb.

Oyun komandamız üçün uğursuz alınıb. Belə ki, Türkiyə yığması 43-cü dəqiqədə penaltidən vurduğu yeganə qolla qalib gəlib – 1:0.

Matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında oyuna belə şərh verib:

“İlk növbədə oyuna görə komandamıza təşəkkür edirəm. Qızlar kollektiv olaraq son ana qədər xarakter göstərdilər. Düzdür, birinci hissənin sonunda hesabda geri düşdük. Şəxsi fikrim belədir ki, hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi. Penalti epizodunu tam görmədim. Ancaq məncə, o cür penalti olmaz. Halbuki həmin ana qədər bizim də yüz faizlik penaltimizi hakim vermədi. Hakimlərin oyun ərzində qərarları çox gülünc idi. Məğlubiyyəti yalnız hakimlərin üzərinə də atmaq istəmirəm. Səhvlərimiz var idi. Səhvlərimizi görməli, onların üzərində işləməliyik. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq.

Bu gün tribunalarda xoş görüntü var idi. Həm Azərbaycan, həm də Türkiyə bayraqları dalğalanırdı. Bu cür gözəl görüntülərin qadın futboluna gəlib çatmasına görə çox sevindim. Əlbəttə, onlar öz komandalarını daha çox dəstəkləyirdilər. Ancaq sona qədər Azərbaycan bayraqlarını da dalğalandırdılar. Buna görə, gələn azarkeşlərə ölkəm, komandam və öz adımdan təşəkkür edirəm”.

Qeyd edək ki, bu komandalar qrup mərhələsinin 4-cü turu çərçivəsində iyunun 4-də Bakıda yenidən üz-üzə gələcəklər. “Dalğa Arena”da baş tutacaq oyuna saat 19:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: