Entso Mareska “Çelsi”də – Rəsmi

“Lester Siti”ni Çempionşipdə çempion edərək İngiltərə Premyer Liqasına çıxaran Entso Mareska bu klubdan ayrılıb.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssisin bu klubdan ayrılmasına Premyer Liqanın digər təmsilçisi “Çelsi”dən aldığı sərfəli təklif səbəb olub.

“Çelsi” artıq onun təyinatını rəsmən açıqlayıb. 44 yaşlı mütəxəssislə 5+1 illik müqavilə imzalanıb. Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis iyulun 1-də işə başlayacaq.

“Çelsi” Entso Mareskaya görə “Lester Siti”yə 11,7 milyon avro təzminat ödəyəcək. O, baş məşqçi postunda ötən mövsüm bitən kimi istefaya göndərilmiş Maurisio Poçettinonu əvəz edib.

Mareska “Çelsi”yə baş məşqçi təyin edilməsi ilə bağlı açıqlama verib: “Dünyanın ən böyük klublarından biri olan “Çelsi”yə qoşulmaq hər bir çalışdırıcının arzusudur. Bax, elə ona görə də bu imkana görə çox şadam.

Klubun uğur ənənəsini davam etdirəcək və azarkeşlərimizi qürurlandıracaq komanda qurmaq üçün çox istedadlı oyunçular və heyətlə işləməyi səbirsizliklə gözləyirəm”, – “Çelsi”nin mətbuat xidməti italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Entso Mareska 2023-cü ilin iyul ayından “Lester Siti”yə rəhbərlik edirdi. O, bu komandanı 53 oyuna çıxarıb. Komanda bu görüşlərdə 36 qələbə qazanıb, 4 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 103 top keçirmiş lesterlilər 50 qola üzülüblər.

Məşqçiliyə “Mançester Siti”də başlamış Mareskanın baş məşqçi kimi ilk işi “Parma”da olub. O, “Lester Siti”yə 2023-cü ilin yayında məhz İtaliya klubundan ayrılaraq keçmişdi.

Xatırladaq ki, “Çelsi” son illərdə uğursuz çıxışı ilə diqqət mərkəzindədi. Geridə qalmış 2023/2024 mövsümündə də çox uğurlu olmayan paytaxt klubu yalnız son turlardakı ardıcıl qələbələr sayəsində 6-cı yeri tutub. Komanda 38 oyunda 18 qələbə qazanıb, 9 heç-heçə edib və 11 məğlubiyyətə üzülüb. 63 xal toplamış “zadəganlar” 2024/2025 mövsümündə Konfrans Liqasında iştirak hüququ qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: