Lionel Messi ən sərrast milli üzvlərinin siyahısında Əli Daeiyə çatdı

Qvatemala yığmasına qarşı beynəlxalq yoldaşlıq oyunu Argentina yığmasının ulduz hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Leo” bu oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə “albiseleste”nin 4:1 hesablı əzmkar qələbəsinə töhfəsini verib.

Beləliklə, Messi Argentina yığmasının heyətində vurduğu qolların sayını 108-ə çatdırıb. Bununla da o, millidə ən sərrast futbolçuların tarixi siyahısında İran yığmasının azərbaycanəsilli keçmiş hücumçusu Əli Daeiyə çatıb. Hazırda hər iki futbolçu siyahının 2-ci pilləsində qərarlaşıb. Siyahının zirvəsində isə Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo yer alıb. “Kriş”in hesabında 130 qol var.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 182 oyun keçirib, 108 qol vurub və 57 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: