Ceyms Makklin: “Deklan Rays yüksək səviyyəli oyunçu deyil”

İrlandiya yığmasının sabiq üzvü, “Reksem”in yarımmüdafiəçisi Ceyms Makklin “Arsenal”ın futbolçusu Deklan Raysı tənqid edib.

Arena.az irland futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, Rays həddən artıq qiymətləndirilib. Səhv başa düşməyin, məncə o, çox yaxşı futbolçudur, amma ingilis mətbuatı onu həddən artıq tərifləyir. Fikrimcə, o, dünya səviyyəli oyunçu deyil. Mənim üçün yüksək səviyyəli oyunçu dünyanın istənilən komandasında oynaya bilən oyunçudur. Mən isə düşünmürəm ki, Rodri orada olduğu müddətdə Deklan “Mançester Siti”yə keçə bilərdi. Toni Kroos oyunu diktə edir, Rodri bunu edir, Rays yox. Amma o, etdiyi işdə yaxşıdır. Mən ötürmə və təzyiq altında oynamaqdan danışıram”, deyə Ceyms Makklin açıqlayıb.

Xatırladaq ki, Deklan Rays “Arsenal”a 2023-cü ilin iyulunda “Vest Hem”dən 116,6 milyon avro müqabilində keçib. İngilis “dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Rays “Arsenal”ın heyətində 51 oyuna çıxıb və 7 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, 25 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsi olsa da, 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olub.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 53 oyuna çıxıb, 3 qol vurub.

“Transfermarkt” internet-portalı Deklan Raysı 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: