Ronald Kuman Fransa ilə heç-heçədən və hakimlikdən narazıdır

Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Fransa yığması ilə oyunu (0:0) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Nəticə azacıq məyusedicidir, amma bütövlükdə oyuna baxsaq, bəzi məqamlarda topa nəzarəti itirdik, bunu etməməli idik və bu, heç də əla deyildi. Xətlərimiz arasında həddən çox boş məkan vardı, ikinci hissədə isə biz daha yaxşı çıxış edə bilərdik.

Fransa yığması kimi komandaya qarşı oynamaq həmişə çətin olub. Öz futbolumuzu oynamaq və cəsarətli olmaq istəyirik, amma bugünkü kimi top itirə bilmərik. Daha sürətli qarşılıq verməli və öndə daha çox imkan yaratmalıyıq. Biz hələ də tərəqqiyə ehtiyacı olan bir komandayıq”, deyə Ronald Kuman vurğulayıb.

Niderlandlı mütəxəssis həmçinin oyunun 69 dəqiqəsində baş vermiş mübahaisəli məqama – Niderland yığmasının vurduğu qolun VAR müdaxiləsi ilə ləğv edilməsinə münasibətini açıqlayıb:

“Düşünürəm ki, Dumfris oyundankənar vəziyyətdə idi, amma o, qapıçıya müdaxilə etmirdi, maneə törətmirdi. Oyunçu vəziyyətdə iştirak etmirsə, qol hesab edilməlidir. Qərar vermək üçün sizə beş dəqiqə gərək oldu? Mən bunu başa düşmürəm”, – jurnalist Corc Boksall Ronald Kumandan sitat gətirir.

Xatırladaq ki, oyunun 69-cu dəqiqəsində Niderland yığmasının yarımmüdafiəçisi Xavi Simons topu Fransa yığmasının qapısına göndərsə də, bu qol hesaba alınmayıb. Oyunun ingilis baş hakimi Entoni Teylor qol anında Fransa yığmasının qapıçısı Mayk Menyandan çox da uzaq olmayan “narıncı”ların müdafiəçisi Denzel Dumfrisin oyundankənar vəziyyətdə olduğunu müəyyən edib. Halbuki, Dumfris bu məqamda topa toxunmayıb, qapıçı Menyana heç bir maneə törətməyib və vəziyyətə ümumiyyətlə müdaxilə etməyib. Bu oyundankənar vəziyyətin passivlik dərəcəsini müəyyən etmək üçün Teylor və VAR heyətinə xeyli “əlləşib-vuruşmaq” gərək olub. Sonda Niderland yığmasının qolu ləğv edilib.

Vurğulayaq ki, hakimin bu qərarı birmənalı qarşılanmayıb. Mətbuat səhifələrində bunun biabırçılıq və rəzalət nümunəsi olduğu haqda müstəqil şərhçilərin fikirləri yayılıb.

2-ci turdan sonra “D” qrupunda mənzərə belədir:

  1. Niderland – 4 xal
  2. Fransa – 4 xal
  3. Avstriya – 3 xal
  4. Polşa – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: