Naço Fernandes: “Xviça Kvaratsxeliya xüsusi futbolçudur”

İspaniya yığmasının mərkəz müdafiəçisi Naço Fernandes Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya haqda fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, hazırda Almaniyada keçirilən Avropa çempionatının (AÇ-2024) 1/8 finalında İspaniya millisi məhz Gürcüstan yığması ilə üz-üzə gələcək.

Naço Fernandesin iyunun 30-da baş tutacaq bu oyundan öncə rəqib komandanın ən aparıcı oyunçularından biri olan Kvaratsxeliya barədə fikirlərini təqdim edirik:

“O, şübhəsiz ki, xüsusi futbolçudur. Biz (“Real” – redaktorun qeydi) keçən mövsüm Çempionlar Liqasında onunla iki dəfə oynamışdıq və deyərdim ki, o, başqa səviyyədədir.

Xviça təkbətək oyunda çox sürətli və son dərəcə yaxşıdır. Onun Gürcüstan komandasının lideri olması və onların cəbhəsində əsas təhlükə mənəbəyi olması şübhə doğurmur. İnsanlar bizi bu oyunda favorit hesab edə bilərlər, amma İspaniya yığması üçün bunun heç bir əhəmiyyəti yoxdur”, deyə Naço Fernandes rəqibə diqqətin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 32 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: