Toni Kroos “Real”dakı son günü şərəfinə duyğusal yazı paylaşdı

Almaniya yığmasının mərkəz yarımmüdafiəçisi Toni Kroos “Real”ın futbolçusu kimi son gününün şərəfinə duyğusal yazı paylaşıb.

Arena.az məlumat verir ki, bu gün, iyulun 1-də Kroosun “kral klubu” ilə müqaviləsi rəsmən başa çatıb:

“1-ci şəkildə 2-ci şəklin çatışmayan hissəsi əks edilib! “Real” oyunçusu kimi son günüm. Özümü qəribə hiss edirəm, amma mən həmişə sizlərdən biri olacağam. Əbədi minnətdaram”, – veteran futbolçu özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Xatırladaq ki, daha əvvəl Toni Kroos vətəni Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb. Buna qədər isə alman yarımmüdafiəçi “Real”a 2023/2024-cü il Çempionalar Liqasının qalibi olduğu, Dortmund “Borussiya”sı ilə möhtəşəm final oyunundan (2:0) sonra vidalaşmışdı.

2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif edib və yenidən bundestimin düşərgəsinə qayıdıb.

Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Alman yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib.

2023/2024-cü illər mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.

Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 113 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: