Futbol üzrə Türkiyə millisinin və “Nürnberq”in hücumameyilli yarımmüdafiəçisi Can Uzun bundan sonra “Ayntraxt”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Frankfurt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
18 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Ayntraxt” bu transfer üçün 10 milyon avrosundan keçib.
Can Uzun Almaniyanın “Yan Regensburq”, “İnqoşltadt” və “Nürnberq” klublarının yetirməsidir. Gənc yarımmüdafiəçi “Nürnberq”in əsas komandasında 35 oyuna çıxıb, 19 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Türkiyənin U-17 və U-18 yığmalarında da oynamış Can, bu il əsas milli komandada debüt edib.
“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
“Ayntraxt” öz oyunçularından da bir neçəsi ilə yeni müqavilə bağlayıb, eləcə də bir neçə futbolçusu ilə vidalaşıb. Belə ki, Frankfurt klubu amerikalı yarımmüdafiəçisi Paksten Aaronsonla müqavilənin müddətini 2028-ci ilin yayına kimi artırıb. 20 yaşlı futbolçu Niderlandın “Utrext” klubuna icarəyə verilib.
İspaniyalı hücumçu Naço Ferri də “Ayntraxt”la yeni müqavilə bağlayıb. 19 yaşlı forvardın yeni müqaviləsi 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Amma o da növbəti mövsümü Belçika “Kortreyk”ində icarədə keçirəcək.
Almaniyalı sağ cinah müdafiəçisi Elias Niklas Baum da “Ayntraxt”la müqaviləsinin müddətini 2028-ci ilə qədər artırmağa qərar verib. 18 yaşlı futbolçu da qarşıdakı mövsümü “Elversberq”də icarədə keçirəcək.
Xorvatiyalı mərkəz müdafiəçisi Hrvoye Smolçiç isə Avstriyanın LASK klubuna icarəyə verilib. 23 yaşlı futbolçu gələn ilin yayına kimi bu komandada forma geyinəcək.
Kiprli yarımmüdafiəçi Antonio Foti isə “Ayntraxt”dan ayrılaraq Dortmund “Borussiya”sına keçib. 20 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.


