Toni Kroos futbolçu karyerasında sonuncu oyununu keçirdi

Almaniya yığma komandasının yarımmüdafiəçisi Toni Kroos peşəkar futbolçu karyerasında sonuncu oyununu keçirib.

Arena.az xəbər verir ki, bu, AÇ-2024-ün 1/4 final mərələsində İspaniya yığmasına qarşı oyuna təsadüf edib.

Bundestim əlavə vaxtda 1:2 (əsas vaxt 1:1) hesabı ilə məğlub olaraq, ev sahibi olduğu AÇ-2024 ilə vidalaşıb. Toni isə bu oyunda sonadək meydanda olub.

Xatırladaq ki, daha əvvəl Toni Kroos vətəni Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlamışdı. Buna qədər isə alman yarımmüdafiəçi “Real”la 2023/2024-cü il Çempionalar Liqasının qalibi olduğu, Dortmund “Borussiya”sı ilə möhtəşəm final oyunundan (2:0) sonra vidalaşmışdı.

2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif etmiş və yenidən bundestimin düşərgəsinə qayıtmışdı.

Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Alman yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib.

2023/2024-cü illər mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.

Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 114 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: