PSJ-nin və İspaniya yığmasının yarımmüdafiəçisi Fabian Ruis yay transfer pəncərəsində mümkün klub dəyişikliyi ilə bağlı sualı cavablayıb.
Arena.az Ruisin bu barədə cavabını təqdim edir:
“PSJ-ni tərk etməyimi istəyirsiniz? Hər transfer pəncərəsində adımın söz-söhbətlərdə olduğunu bilirəm, amma Parisdə xoşbəxtəm. Müqaviləmin bitməsinə 3 il qalıb, indiki klubumda isə hələ çox şey əldə edə bilərəm”, deyə Ruis məsələyə “yağlı” nöqtə qoyub.
Xatırladaq ki, İspaniya yığmasının yarımmüdafiəçisi Fabian Ruis PSJ-yə 2022-ci ilin avqust ayında İtaliyanın “Napoli” klubundan 22,5 milyon avro qarşılığında keçib. 28 yaşlı futbolçunun Fransa nəhəngi ilə 2027-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.
Fabian indiyə qədər Paris klubunun heyətində 72 oyuna çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürmə verib.
Ruis daha öncə “Napoli”dən başqa “Betis” və “Elçe”nin də uğurları üçün çalışıb.
Yarımmüdafiəçi 2019-cu ilin iyun ayında debüt etdiyi İspaniya yığmasının heyətində 27 oyuna çıxıb, 4 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


