Xayme Losano Meksika millisindən ayrıldı

Futbol üzrə Meksika milli komandasının baş məşqçisi, 45 yaşlı meksikalı mütəxəssis Xayme Losano vəzifəsindən istefa verib.

Arena.az bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, tərəflər müqavilənin müddəti bitdikdən sonra əməkdaşlığa xitam veriblər.

45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Meksika yığması Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş Amerika Kubokunun B qrupunda 4 xalla üçüncü yeri tutaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, Xayme Losano 2023-cü ilin avqustundan Meksika millisinə rəhbərlik edirdi. O, bu müddət ərzində komandanı 15 oyuna çıxarıb. Bu görüşlərdə 5 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət qeydə alınıb.

Losano daha öncə 2021-ci ildə də Meksika yığmasına rəhbərlik etmişdi və bu komandanı 6 oyuna çıxarmışdı (4 qələbə, 2 məğlubiyyət). 2023-cü ildə də o, müvəqqəti baş məşqçi kimi ölkəsinin yığmasına 6 oyunda rəhbərlik etmişdi (5 qələbə, 1 məğlubiyyət).

Xayme Losano Meksikanın U-23 yığmasında, “Keretaro” və “Nekaksa” komandalarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: