“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar ötən il aldığı dizin çarpaz bağlarının qopması zədəsindən sağlaraq, futbola qayıdıb.
Arena.az bu barədə “Əl-Hilal”ın mətbuat xidmətinə istinadən məlumat verir:
“Neymar qayıdır” – ərəb klubunun mətbuat xidməti özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşdığı bəyanatını braziliyalı ulduzun məşq zamanı çəkilmiş videosu ilə tamamlayıb.
Neymarın özü isə videoda “Hər kəsi xoş gödük! Mən buradayam – məşq meydançasında. Mövsümdə görüşənədək”, deyə bildirib.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.
Neymar 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Braziliyalı futbolçu daha öncə ölkəsində “Santos”un, İspaniyada “Barselona”nın, Fransada PSJ-nin də formasını geyinib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


