Argentina millisinin üzvlərinin Fransa yığmasının futbolçularına ünvanlanmış irqçi nəğməsi ilə bağlı qalmaqal böyüyür.
Arena.az xatırladır ki, söhbət Argentina yığmasının Amerika Kubokunda qalibiyyətindən sonra komandanın avtobusunda zəfər şənliyi zamanı, “albiseleste”nin futbolçusu Entso Fernandesin açdığı canlı yayımda argentinalı futbolçuların fransız futbolçuların ünvanına oxuduğu irqi zəmində təhqirlə müşayiət edilən nəğmədən və “qəhrəman”ın bu məclisdə həvəslə iştirakından gedir.
Artıq məluma olduğu kimi, nəğmədə “Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandırlar” və s. əxlaqsızlıqlardan ibarət biabırçı məzmun yer alıb.
Entos Fernandes yol verdiyi biabırçığa görə üzr istəyib, amma argentinalı futbolçu ictimaiyyətin gözündən düşüb.
Hazırda məsələ FIFA-da baxışdadır. Fransa Futbol Federasiyası (FFF) Argentina Futbol Assosiasiyasına (AFA) etiraz məktubu ünvanlayıb, FIFA-ya isə bu biabırçılığa baxılması üçün şikayət ərizəsi təqdim edib.
Bu mənzərədə Argentina hökuməti məsələyə qarışıb. Əvvəlcə Argentina prezidenti Xavyer Miley, yığma komandanın kapitanı Lionel Messini bu biabırçılığa görə üzr istəməyə səsləmiş, Argentinanın idman nazirinin müavini Xulio Qarronu vəzifəsindən azad edib:
“Prezidentin kargüzarlığı bildirir ki, heç bir hökumət Argentina milli komandasına, dünya çempionu və ikiqat Amerika çempionuna və ya hər hansı digər vətəndaşa nə şərh edəcəyini, nə düşünəcəyini və nə edəcəyini diktə edə bilməz. Bu səbəbdən Xulio Qarro Argentinanın idman nazirinin müavini vəzifəsindən azad edilir”, – prezident kargüzarlığı özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən bəyanat yayıb.
“Narahatlıq nümayiş etdirməyi buraxın, ikiüzlülər”
Öz növbəsində, Xulio Qarra isə “daş atıb başını tutur” ki, mən Messiyə belə bir çağırış etməmişəm:
“Mən Messidən üzr istəməsini istədiyimi qəti şəkildə inkar edirəm. Bu, bizi insani və idman keyfiyyətləri ilə daim şərəfləndirən birinə hörmətsizlik olardı”, – Qarro özünün sosial şəbəkə hesablarından biri üzərindən paylaşıb.
Xatırladaq ki, buna qədər TN dərgisi Qarronun adından növbəti məzmunda məlumat paylaşmışdı:
“Düşünürəm ki, milli komandanın kapitanı (Lionel Messi) çıxıb bu hadisəyə görə üzr istəməlidir. Eynisi Argentina Futbol Assosiasiyasının prezidentinə (Klaudio Tapia) də aiddir. Məncə, bu, doğrudur”.
Xulio Qarronun Argentinanın idman nazirinin müavini vəsifəsindən istefaya göndərilməsindən sonra isə Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel milli komanda ətrafında baş verən irqçilik qalmaqalına dair mövqeyini açıqlayıb:
“Argentina suveren və azad ölkədir. Bizim heç vaxt koloniyalarımız və ya ikinci növ vətəndaşlarımız olmayıb. Biz öz həyat tərzimizi heç vaxt heç kimə təlqin etməmişik. Heç bir müstəmləkə ölkəsi bizi nə mahnıya görə, nə də etiraf etmək istəmədikləri həqiqəti söyləməyə görə qorxuda bilməz. Narahatlıq nümayiş etdirməyi buraxın, ikiüzlülər. Argentinalılar həmişə başlarını dik tuturlar! Yaşasın Argentina!” – Vilyarruel özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Argentina yığmasının ulduz hücumçusu Lionel Messiyə gəlincə, kapitan susub bir kənarda durmağı mövqe seçib. “Leo”nun bu mövqeyi isə ictimai qınağa səbəb olub.


