Kasper Yulmann Danimarka millisindən getdi – Rəsmi

Futbol üzrə Danimarka milli komandasının baş məşqçisi, 52 yaşlı mütəxəssis Kasper Yulmann vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

“Almaniyada keçirilən Avropa çempionatından sonra Kasper Yulmann və Danimarka Futbol İttifaqının direktoru Peter Möller komandanın turnirdəki çıxışını qiymətləndirdilər və gələcəklə bağlı danışıqlar apardılar. Bu qiymətləndirmədə Yulmann komandanın yeni enerjiyə ehtiyacı olduğu qənaətinə gəldi. Beləliklə, Yulmann və Möller ümumi nəticəyə gəldilər ki, dəyişiklik vaxtı çatıb və millinin yeni məşqçiyə ehtiyac var” – deyə qurumun açıqlamasında bildirilir.

Yulman istefasını belə əsaslandırıb: “Mənim üçün millini dörd il müddətində çalışdırmaq inanılmaz şərəf və imtiyaz idi. Uğur qazanmaq və insanları komandanın ətrafında birləşdirməyi təmin etmək üçün əlimdən gələni etdim. Ölkəmi təmsil etmək təsəvvür edə biləcəyim ən yaxşı məqamdır və mən bu fantastik müddətə xəyalımıza böyük dəstək hissi ilə baxacağam. İki il qarşıdakı dünya çempionatına baxanda hiss edirəm ki, bu heyrətamiz komanda üçün növbəti böyük fəsil yaza biləcək yeni sima və yeni fikirlər olsa, bu, komanda üçün daha yaxşı olar. Ona görə də digər biri komandanı irəli aparsa, daha yaxşı olar. Söhbət komanda üçün nəyin yaxşı olmasından gedir”, deyə Yulman Danimarka Futbol İttifaqının rəsmi saytına bildirib.

Qeyd olunur ki, Morten Viqhorst yeni ilə qədər müvəqqəti olaraq Danimarka millisinin çalışdırıcısı olacaq.

Xatırladaq ki, Danimarka millisi Almaniyada təşkil olunmuş Avropa çempionatında (AÇ-2024) 1/8 finala qədər irəliləyə bilmişdi. Sözügedən komanda bu mərhələdə məhz Almaniya millisinə uduzaraq (0:2) AÇ-2024-lə vidalaşmışdı.

Kasper Yulmann 2020-ci ilin avqust ayından Danimarka yığmasına rəhbərlik edirdi. O, milli komandanı bütövlükdə 54 oyuna çıxarıb. Danimarkalılar bu görüşlərdə 32 qələbəyə seviniblər, 8 heç-heçə görüblər, 14 məğlubiyyətə üzülüblər.

Yulman məşqçiliyə 1998-ci ildən başlayıb. 52 yaşlı mütəxəssis ölkəsinin millisindən öncə “Nordsyelland”, “Lyunqbyu” və “Maynts” (Almaniya) klublarında da baş məşqçi kimi çalışıb. Yulmanın məşqçi kimi yeganə uğuru 2011/2012 mövsümündə “Nordsyelland”ı Danimarka çempionu etməsidir. O, həmin mövsümdə Danimarkada ilin məşqçisi də seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: