Paris-2024: Argentina – Mərakeş matçı tarixə düşdü

Paris-2024-də futbol yarışı çərçivəsində Argentina – Mərakeş matçı – futbol tarixinin ən uzun sürmuş oyunu kimi əlamətdar olub.

Arena.az məlumat verir ki, qalmaqallı oyun Bakı vaxtı ilə saat 17:00-da başlayıb və oyunun başa çatması nəzərə alınmaqla, Bakı vaxtı ilə saat 20:07-də başa çatıb.

Beləliklə, oyun 4 saat 7 dəqiqə davam edib.

Xatırladaq ki, Argentina yığmasının yarımmüdafiəçisi Kristian Medinanın oyunun 90+16-cı dəqiqəsində vurduğu qol sayəsində görüşdə hesab bərabərləşib. Qolun qeyd edilməsi zamanı Cənubi Amerika yığmasının futbolçularının üzərinə fişənglər atılıb. Bundan əlavə, Mərakeş yığmasının azarkeşləri qaçıb meydana çıxıblar. İğtişaşlar səbəbindən oyun dayandırılıb. Oyun iki saat sonra yenidən başladıldıqdan sonra qol videotəkrar vasitəsilə nəzərdən keçirilib və ləğv edilib.

Oyuna gəlincə, hesabı 45+2-ci dəqiqədə Mərakeş yığmasının hücumçusu Sufyan Rəhimi açıb. 51-ci dəqiqədə Rəhimi penaltini dəqiq yerinə yetirərək dübarə fərqlənib. Argentina yığmasının hücumçusu Culiano Simeone 68-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Sonra baş verənlər isə məlumdur.

Argentina yığmasının ulduz hücumçusu, əsas yığmanın kapitanı Lionel Messi isə bu oyuna münasibətini özününü sosial şəbəkə hesabı üzərindən bircə kəlmə ilə ifadə edib: “Qəribədir”, deyə “Leo” paylaşıb.

Xatırladaq ki, Messi Olimpiya Oyunlarında iştirak edən Argentina yığması ilə yarışda iştirakdan imtina edib. Ulduz hücumçu buna yaş və yorğunluğunu əsas gətirib.

Əlavə edək ki, bu oyunda dövlət himnləri səslənərkən, Argentina yığması fitə basılıb. Səbəb isə Argentina yığmasının yarımmüdafiəçisi Üntso Fernandes başda olmaqla, “albiseleste” oyunçularının Fransa yığmasının oyunçularının ünvanına oxuduğu, məlum, irqi məzmunlu qalmaqallı nəğmədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: