“Genqam”ın qvineyalı keçmiş hücumçusu Abdul Kamara PSJ-nin braziliyalı keçmiş ulduz hücumçusu Neymar haqda söhbət açıb.
Arena.az “r/soccer” dərgisinə istinadən, qvineyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Neymar qarşı oynadığım ən yaxşı oyunçudur, biz onun özünü gərginləşdirmədiyini belə, hiss etdik. Paltardəyişmə otağında hamı bir-birinin üzünə sualla baxırdı: “Bu ilk üçlükdədir?” O, başqa səviyyədə idi, biz ona baxanda özümüzü uşaq kimi hiss edirdik. Oyunun sonunda düşündüm: “Ona qarşı yenidən oynamaq üçün yaxşı pul verərdim”, deyə Kamara bildirib.
Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. Hazırda braziliyalı ulduz zədəsini sağaldaraq, sıraya dönüb.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


