Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 7 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ”ın növbəti raunddakı potensial rəqibləri də bu gün cavab görüşünə çıxıblar. Minsk “Dinamo”su Belarusda Bolqarıstan çempionu “Ludoqorets”lə üz-üzə gəlib. Bu komandaların ötən həftə Bolqarıstanda keçirilmiş ilk oyununda “Ludoqorets” 2:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə Belarus təmsilçisi 1:0 üstün olub. Amma yekunda növbəti mərhələyə “Ludoqorets” yüksəlib.
Beləliklə, ÇL-in 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı Bolqarıstanın ən güclüsü “Ludoqorets”lə görüşlər gözləyir. İlk oyun Bakıda, cavab görüşü səfərdə baş tutacaq.
“Ludoqorets”dən başqa, bu gün, “Bodo Qlimt”, “Midtyulland”, “Styaua”, “Dinamo” (Kiyev), “Yagelloniya” və PAOK da növbəti mərhələyə vəsiqə qazanıblar. Bir gün öncə isə “Qarabağ”, “Fənərbaxça”, APOEL, “Sparta”, “Ferentsvaroş”, “Slovan” (Bratislava) və “Malmö” rəqiblərinə qalib gələrək UEFA Çempionlar Liqasında 3-cü raunda vəsiqəni təmin etmişdilər.
Bu mərhələdə məğlub olan komandalar yollarına Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam edəcəklər.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul
Qarabağ (Azərbaycan) – Linkoln (Cəbəllüttariq) 5:0 (ilk oyun 2:0)
Fənərbaxça (Türkiyə) – Luqano ( İsveçrə) 2:1 (4:3)
Petrokub (Moldova) – APOEL (Kipr) 1:1 (0:1)
Sparta (Praqa, Çexiya) – Şemrok Rovers (İrlandiya) 4:2 (2:0)
TNS (Uels) – Ferentsvaroş (Macarıstan) 1:2 (0:5)
Slovan (Bratislava, Slovakiya) – Çelye (Sloveniya) 5:0 (1:1)
Klaksvik (Farer adaları) – Malmö (İsveç) 3:2 (1:4)
31 iyul
RFS (Latviya) – Bodo Qlimt (Norveç) 1:3 (0:4)
Midtyulland (Danimarka) – Santa Koloma (Andorra) 1:0 (3:0)
Makkabi (Təl-Əviv, İsrail) – Styaua (Rumıniya) 0:1 (1:1)
Partizan (Serbiya) – Dinamo (Kiyev, Ukrayna) 0:3 (2:6)
Yagelloniya (Polşa) – Panevejis (Litva) 3:1 (4:0)
Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) 1:0 (0:2)
Borats (Bosniya və Herseqovina) – PAOK (Yunanıstan) 0:1 (2:3)


