İstanbulda təşkil olunmuş futbol üzrə Türkiyə Super Kuboku uğrunda oyunda “Beşiktaş” “Qalatasaray”ı darmadağınla məğlub edib.
Arena.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilmiş matçı Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Oyundan hesab hakimin start fitindən cəmi bir neçə saniyə sonra açılıb: 1-ci dəqiqədə norveçli Yonas Svenssonun ötürməsindən italiyalı hücumçu Çiro İmmobile topu tora qovuşdurub. Əsasən qarşılıqlı hücumlarla yadda qalan oyunun ilk hissəsində başqa qol vurulmayıb. Eyni zamanda, ilk yarı sərt oyunla da fərqlənib: hakim beş dəfə əlini cibinə atmalı olub.
İkinci hissəyə də “qara qartal”lar daha fəal başlayıblar: 53-cü dəqiqədə birinci qolun iştirakçısı Svensson uruqvaylı qapıçı Fernando Musleranı məyus edib. Oyunda növbəti qol bir də 81-ci dəqiqədə vurulub: İmmobile penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. Cəmi 6 dəqiqə sonra “sarı-qırmızılar”ın müdafiəçisi Viktor Nelsson qırmızı vərəqə alaraq meydandan qovulub. Bu isə “qara qartallar”a yeni qol imkanları yaradıb: əlavə edilmiş birinci dəqiqədə Rafa Silva, bir dəqiqə sonra isə Mustafa Həkimoğlu fərqlənərək hesabı darmadağın həddinə çatdırıb.
Beləliklə, “Beşiktaş” 10-cu dəfə Türkiyə Super Kubokunun qalibi olub. İstanbul təmsilçisi qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusu olaraq qalır.
Türkiyə Super Kuboku
2 avqust
Qalatasaray – Beşiktaş 0:5
Qollar: Çiro İmmobile, 1; 81-pen. Yonas Svensson, 53. Rafa Silva, 90+1. Mustafa Həkimoğlu, 90+2.
Qalatasaray: Fernando Muslera, Kaan Ayhan, Viktor Nelsson, Abdülkerim Bardakcı, Derrik Köhn, Lukas Torreyra (Vilfred Zaha, 75), Berkan Kutlu (Kerem Demirbay, 60), Hakim Ziyeş (Yunus Akgün, 60), Dris Mertens (Mişi Batşuayi, 46), Kerem Aktürkoğlu (Barış Alper Yılmaz, 46), Mauro İkardi.
Beşiktaş: Mert Günok, Yonas Svensson, Qabriel Paulista, Omar Kolli, Artur Masuaku, Jedson Fernandes (Salih Uçan, 90+1), Əl-Musrati, Milot Raşiça (Onur Bulut, 86), Rafa Silva, Semih Kılıçsoy (Yan Onana, 68), Çiro İmmobile (Mustafa Həkimoğlu, 85).


