Pedro Neto 60 milyon avroya “Çelsi”də – Rəsmi

Futbol üzrə Portuqaliya milli komandasının və İngiltərənin “Vulverhempton” klubunun yarımmüdafiəçisi Pedro Neto “Çelsi”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Zadəganlar” bu transferi 60 milyon avroya rəsmiləşdiriblər. 24 yaşlı sağ vinger yeni klubu ilə 7 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Pedro Neto “Vulverhempton”a 2019-cu ilin avqustunda İtaliyanın “Latsio” klubundan 17,9 milyon avroya keçmişdi. O, Premyer Liqa klubunun heyətində 135 oyuna çıxıb, 14 qol və 24 məhsuldar ötürmə müəllifi olub.

Neto “Vulverhempton”dan öncə “Braqa” və “Latsio”da çıxış edib. Yarımmüdafiəçi Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2020-ci ilin noyabr ayında əsas millidə debüt etmiş futbolçu, Portuqaliya yığmasında 10 oyuna 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Çelsi” bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Atlanta Yunayted” klubundan transfer etdiyi müdafiəçi Keyleb Uaylini də “Strasburq”a icarəyə verib. 19 yaşlı futbolçu yeni mövsümün sonuna kimi Fransa klubunun uğurları üçün çalışacaq.

Xatırladaq ki, Uayli “Çelsi” ilə 6+1 illik müqavilə bağlayıb. “Zadəganlar” bu transfer üçün MLS təmsilçisinə 10,1 milyon avro ödəyiblər.

Keyleb Uayli “Atlanta Yunayted”in yetirməsidir. Sol cinah müdafiəçisi bu klubun əsas komandasında 85 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. ABŞ millisinin də üzvü olan futbolçu əsas komandada 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: