İspan mərkəz yarımmüdafiəçisi Serci Roberto yetirməsi və kapitanı olduğu “Barselona”dan ayrıldığını açıqlayıb.
Arena.az məlumat verir ki, futbolçu bu barədə özünün sosial şəbəkə hesablarından biri üzərindən məlumat payalşıb:
“Kataloniyalılar, birlikdə keçdiyimiz bütün bu səyahətə görə sizə təşəkkür etməyin vaxtıdır. Yaşasın, Barsa!”, – təcrübəli oyunçu qeyd edib.
Yarımmüdafiəçi “blauqrana” ilə müqaviləsi başa çatdıqdan sonra müvafiq qərarı qəbul edib.
Serci Roberto “Barselona”nın yetirməsidir. Yarımmüdafiəçi bütün karyerası ərzində “Barselona”nın heyətində bütün yarışlarda 373 oyun keçirib, 19 qol vurub, 43 məhsuldar ötürmə verib.
Roberto 2016-cı ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
“Transfermarkrt” internet-portalı 32 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Serci Robertonun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Roberto hazırda azad agent qismindədir və gələcək karyerası ilə bağlı hansı qərarda olması açıqlanmır.


