“Real”ın və İngiltərə millisinin mərkəz yarımmüdafiəçisi Cud Bellingem zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Arena.az məlumat verir ki, ingilis futbolçu bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb.
Xatırladaq ki, bir qədər əvvəl Bellingemin plantar fasiit (ayaqaltı fasioz) zədəsi ilə üzləşdiyi məlum olub. Bellingemin sentyabr ayındakı beynəlxalq fasilədən sonra yaşıl meydanlara qayıdışı təxmin edilir.
“Oyunları qaçırmaq qədər nifrət etdiyim heç nə yoxdur. Amma yaxşı tərəfləri görməyə çalışaraq, bəlkə də bədənim gərgin bir ildən sonra daha azacıq istirahətə ehtiyacı olduğunu dilə gətirir. Çox məyus oldum, amma ən yaxşı və ən güclü tərəfimlə yenidən komandaya qoşulana qədər bir azarkeş kimi onlara dəstək olacağam. Xoş arzu və dəstək ismarışlarınza görə təşəkkür edirəm”, – Bellingem paylaşıb.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.
Bu mövsüm isə Bellingem “Real”da 2 oyuna 1 məhsuldar ötürmə müəllifi olub. Onun İspaniya nəhəngindəki karyerası 44 oyun, 23 qol və 14 assistdən ibarətdir.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


