Manuel Noyer millidən ayrılmaq qərarını şərh etdi

“Bayern”in alman qapıçısı Manuel Noyer Almaniya yığmasındakı karyerasını bitirmək haqda öz qərarını şərh edib.

Arena.az məlumat verir ki, Noyer bu barədə özünün sosial şəbəkə hesabları üzərindən yazı paylaşıb:

“Əziz Almaniya, mən adətən belə şeylər etmirəm. Mən çox qapalı oğlanam. Amma indi millidə karyeramı başa vurduğum üçün bir yazıdan azacıq daha artıq yazmaq istəyirəm. Almaniyanın mənim üçün nə demək olduğunu sizə izah etmək istəyirəm. Futbol mənim üçün nə deməkdir.

Çünki sözün açığı, bu, çətin bir qərar idi. Ağlımla ürəyim arasında parçalanırdım. Ürəyim deyirdi: “Bunun üçün elə çox darıxacaqsan ki… Ölkən üçün oynamaq qüruru üçün darıxacaqsan. Oğlanların yanında olmaq hissi əskik olacaq”. Amma ailəmlə danışdıqdan sonra elə hiss edirəm ki, doğru zamanda gedirəm.

Avropa çempionluğunu qazanaraq vidalaşmağı çox istərdim, amma yarışda olmaq və hər kəsin yeni nəsil alman futbolunu dəstəklədiyini görmək inanılmaz bir xatirədir. Qürur duyduğum məqam heç vaxt təslim olmamağımdır. Mübarizəni davam etdirirdim. Ailəmin, dostlarımın və komanda yoldaşlarımın köməyi ilə 2023-cü ilin oktyabrında, Avropa çempionatına 7 aydan az vaxt qalmış meydançaya qayıtmışdım”, – Noyer azarkeşlərə qapalı ismarış verərək, düşüncələrinə şərik edib.

Xatırladaq ki, Manuel Noyer avqustun 21-də Almaniya yığmasındakı çıxışını başa vurduğunu açıqlayıb.

Manuel Noyer kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində bütövlükdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Noyer “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 43 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib. Bu mövsüm hələlik 1 oyun keçirmiş qapıçının “Bayern” karyerası bütövlükdə 522 oyun, 427 buraxılmış qol və 245 “quru” matçdan ibarətdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: