“Mançester Siti”nin hücumçusu Erlinq Haland yarımmüdafiəçi İlkay Gündoğanın “şəhərlilər”in düşərgəsinə qayıdşı haqda danışıb.
Arena.az norveçli futbolçunun bu barədə fikrini təqdim edir:
“Bu, heyrətamizdir. Onu paltardəyişmə otağında və əməliyyat otağında görmək çox adi görünür. Onun qayıtması əladır. İlkay heyrətamiz futbolçudur, bunu hamı çoxdan bilir”, deyə Haland vurğulayıb.
Xatırladaq ki, İlkay Gündoğan 2016-cı ilin iyulundan ötən ilin yayına kimi məhz “Mançester Siti”də çıxış edib. O, 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində ayrılaraq İspaniyanın “Barselona” klubuna keçmişdi. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Amma o, İspaniya klubu ilə müqaviləsini ləğv edərək “Mançester Siti”yə qayıdıb və “şəhərlilər”lə 1 illik sözləşməyə imza atıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Gündoğan “Barselona”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib.
İlkay 2022/2023-cü illər mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərmişdi. Gündoğan uzun illər “şəhərlilər”in kapitanı olub. Təcrübəli yarımmüdafiəçi Mançester klubunun heyətində 305 oyun keçirib, 60 qol və 38 məhsuldar ötürmə müəllifi olub.
İlkay Gündoğan karyerası ərzində “Mançester Siti” və “Barselona”dan başqa “Nürnberq”, “Boxum” və Dortmund “Borussiya”sında çıxış edib.
“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


