Xuan Musso “Atalanta”nı “Atletiko”ya dəyişdi

İtaliyanın “Atalanta” klubunun argentinalı qapıçısı Xuan Musso bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Atletiko” 30 yaşlı qolkiperu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Madrid klubu bir mövsümlük icarə üçün “Atalanta”ya 1,5 milyon avro ödəyəcək. Hazırda transfer dəyəri 5 milyon avro olan qapıçının transfer hüquqlarının alınması üçün tərəflərin hansı məbləğə razılaşdığı bilinmir.

Xuan Musso peşəkar karyerasına Argentinanın “Rasinq” klubunda başlayıb. 2018-ci ildə “Udineze” onu 4 milyon avro müqabilində İtaliyaya gətirib. “Atalanta” argentinalı qapıçını 2021-ci ilin yayında 20,5 milyon avroya transfer etmişdi. Argentina yığmasında da 2 oyun keçirmiş Musso, “Atalanta” 99 oyuna çıxıb, 117 qol buraxıb, 32 “quru” matç görüb.

Mussonu “Atletiko”ya “bazarlayan” “Atalanta” da heyətinə yeni qapıçı cəlb edib. Berqamo təmsilçisi bu yay “Roma”dan azad agent kimi ayrılmış portuqaliyalı qapıçı Rui Patrisio ilə anlaşıb. 36 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Rui Patrisio isə 2021-ci ilin yayından “Roma”da oynayırdı. Paytaxt klubu həmin vaxt onu İngiltərə təmsilçisi “Vulverhempton”dan 11,8 milyon avro qarşılığında transfer etmişdi. Portual qapıçı “canavarlar”ın heyətində 129 oyuna çıxıb. O, bu oyunlarda 134 qol buraxıb, 48 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Patrisio daha öncə yalnız “Vulverhempton” və “Sportinq”in uğurları üçün çalışıb. 36 yaşlı qolkiper 2010-cu ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığma komandasında 108 oyuna çıxıb. Təcrübəli qolkiper bu görüşlərdə 89 qol buraxıb, 53 matçdan “quru” ayrılıb.

Mourinyo “Atletiko”dan ayrıldı – “Alaves”ə görə

Xuan Mussonu heyətinə qatmış “Atletiko” bir futbolçusu ilə də yollarını ayırıb. Madrid təmsilçisi uruqvaylı mərkəz müdafiəçisi Santyaqo Mourinyonu 2 milyon avroya “Alaves”ə satıb. 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Uruqvayın “Nasyonal” klubunun yetirməsi olan Santyaqo Mourinyo, Montevideo “Rasinq”ində də çıxış edib. O, 2023-cü ilin yayında 2,7 milyon avro qarşılığında keçdiyi “Atletiko”da debüt şansı qazanmayıb. Buna onun İspaniyaya gələn kimi “Saraqosa”ya icarəyə göndərilməsi səbəb olub.

Yeri gəlmişkən, “Alaves” “Portu”nun ispan hücumçusu Toni Martinesi (Antonio Martines Lopes) də transfer edib. La Liqa klubu bu keçidi də 2 milyon avroya rəsmiləşdirib. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

“Real Mursiya” və “Valensiya”nın yetirməsi olan Toni Martines, “Vest Hem”, “Oksford Yunayted”, “Valyadolid”, “Rayo Maxadahonda”, “Luqo”, “Famalikan” kimi klublarda çıxış edib. O, 2020-ci ildən “Portu”nun uğurları üçün çalışırdı. Toni İspaniyanın U-17, U-18 və U-19 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: