Corco Kyellini “Yuventus”a qayıtdı

“Yuventus”un keçmiş italyan mərkəz müdafiəçisi Corco Kyellini yenidən Turin klubuna qoşulacaq, amma bu dəfə rəhər vəzifədə.

Arena.az bu barədə “Yuventus”un rəsmi saytına istinadən məlumat verir.

Sentyabrın 16-dan 40 yaşlı italiyan mütəxəssis “qoca sinyora”nın futbol qurumları ilə əlaqələrinə rəhbərlik edəcək. Bu vəzifədə Kyellini birbaşa klubun baş direktoru Mauritsio Skanavinoya hesabat verəcək. O, həm də milli və beynəlxalq futbol təşkilatlarında “Yuventus”un maraqlarını təmsil edəcək.

“Kyellini heç vaxt “Yuventus”dan ayrılmayıb – onun ürəyi, ruhu və dəyərləri həmişə həm meydanda, həm də meydandan kənarda klubla bağlı olub. O, sentyabrın 16-dan futbol qurumları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edəcək. Onun akademik təcrübəsi onun oyunçu, kapitan və “Yuventus” əfsanəsi kimi təcrübəsini tamamlayır”, – “Yuventus” rəsmi saytında Kyellinin təyinatı ilə bağlı dərc edilib.

Xatırladaq ki, Corco Kyellini 2005-2022-ci illərdə “Yuventus”da çıxış edib. “Qoca sinyora”dan ayrıldığı ilin yayında italyan müdafiəçi MLS təmsilçisi “Los-Anceles”ə qoşulub və 2023-cü ilin dekabrında futbolçu karyerasını elə, amerikan klubunda da başa vurub.

Daha öncə İtaliyanın “Livorno” və “Fiorentina” klublarında da çıxış etmiş Kyellini “Yuventus”la birlikdə 9 dəfə ölkə çempionu olub, 5 dəfə İtaliya kubokunun qalibi olub, 2 dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib. Kyellini 17 il ərzində Turin klubunda 561 oyuna çıxıb. Təcrübəli müdafiəçi bu oyunlarda 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Corco Kyellini İtaliya yığmasında da 117 oyuna çıxıb, 8 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: