“Mançester Yunayted”in və “Əl-Nəsr”in sabiq müdafiəçisi Aleks Telles portuqal hücumçu Kristiano Ronaldonun qidalanması haqda danışıb.
Arena.az “A Bola” dərgisinə istinadən, hazırda “Botafoqo”da çıxış edən braziliyalı sol cinah müdafiəçisinin bu barədə xatirəsini təqdim edir:
“Onun təamları tamamilə fərqli idi. Pəhriz mütəxəssisi gələr və dərhal ona boşqab verərdi. O, çoxlu təbii məhsullar yeyir, həmişə başqalarının boşqablarında olanlara baxır. Hətta desertə getməyə belə qorxurduq. Biz bilirik ki, o, öz bədəninə qulluq etməyi xoşlayır, ona görə də bu yaxşı nümunələrə əməl etmək istəyirik”, deyə Telles bildirib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 5 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 69 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Portuqaliya yığmasının heyətində 214 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


