Madrid “Real”ının 18 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik ailə həyatı qurmaq haqda qərarını gerçəkləşdirərək evlənib.
Arena.az məlumat verir ki, gənc futbolçu 23 yaşlı (bəzi mənbələrdə 21) braziliyalı cazibədar model Qabrieli Mirandanı həyat yoldaşı seçib.
Xatırladaq ki, Endriklə Qabrieli ötən ilin oktabrından görüşməyə başlayıblar. Aşiqlər gələcək münasibətlərini xoşbəxt ailə olaraq görürlər.
Böyük futbolda 4-cü mövsümünü keçirən 18 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki bu ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan heyətinə qatıb. Hələ qışda klublar arasında şifahi transfer razılaşdırılmışdı. Amma futbolçunun 18 yaşı tamam olmadığı üçün müvafiq keçid rəsmən gerçəkləşməmişdi. Artıq rəsmən “Real”a qoşulmuş Endrikin İspaniya nəhəngi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik “Palmeyras”ın heyətində ümumilikdə 82 oyun keçirib, 21 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu “Real”ın heyətində elə, debüt oyununda meydana ehtiyat oyunçular skamyasından daxil olaraq 4 dəqiqə ərzində ilk qoluna imza atıb. O, Madrid klubunda 4 oyuna 1 qol vurub.
Yeniyetmə futbolçu 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.
Endirk həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 11 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


