Futbol üzrə Avstraliya milli komandasının baş məşqçisi Qrem Arnold uzun illərdir çalışdığı yığmadan ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Federasiya təcrübəli məşqçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 61 yaşlı mütəxəssis 2018-ci ilin iyulundan bəri Avstraliyanın əsas, U-23 və Olimpiya yığmalarına rəhbərlik edirdi. Arnold əsas yığmanı bütövlükdə 55 oyuna çıxarıb, 35 qələbə, 7 heç-heçə və 13 məğlubiyyət görüb. O, komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarıb. Burada komanda 1/8 finalda Argentina yığmasına uduzub.
Qrem Arnold məşqçilik karyerası ərzində “Sidney Yunayted”, “Sidney Spirit”, “Sentral Koast Mariners”, “Sidney” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Artıq Avstraliya yığmasına bundan sonra kimin rəhbərlik edəcəyi də bəllidir. Federasiyanın rəsmi saytının yaydığı məlumata görə, milliyə müvəqqəti olaraq Tom Sermanni rəhbərlik edəcək. 70 yaşlı şotlandiyalı mütəxəssis hazırda həm də Avstraliyanın qadınlardan ibarət yığmasında müvəqqəti baş məşqçi kimi çalışır.
Sonda onu da qeyd edək ki, Avstraliya yığması DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).


