“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 8-ci turunda “Brentford”la oyunu şərh edib.
Arena.az xatırladır ki, “Mançester Yunayted” “Old Trafford”da 2:1 hesablı qələbə qazanıb.
“Biz qələbəyə şadıq. “Mançester Yunayted”də siz qalib gəlməli, həm də insanları əyləndirməlisiniz. Düşünürəm ki, bu gün hər bir kəs zövq aldı.
Birinci hissədə yaxşı fürsətlərimiz oldu, amma qol vura bilmədik. İkinci hissədə qoldan sonra hər şey dəyişdi, hamı sevindi. Şövqün və inamın artdığı görünürdü. Komandaya məhz bu gərəkdir. Son həftələrdə qollar bizə çətinliklə başa gəlir”, – deyə Erik ten Haq matçdan sonra baş tutan mətbuat konfransında bildirib.
8 turdan sonra “Mançester Yunayted” 11 xalla yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Brentford” isə 10 xalla 13-cü yerdədir. Premyer Liqaya 7 oyundan 18 xal toplamış “Liverpul” başçılıq edir.


