Erik ten Haqla oyunçular arasında ingilis dili səbəbindən çətinlik var

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla “qırmızı şeytanlar”ın bəzi futbolçuları arasında fikir ayrılığı meydana gəlib.

Arena.az ESPN şəbəkəsinin vəziyyətlə tanış olan mənbəyə istinadı əsasında məlumat verir ki, niderlandlı mütəxəssis ingilis dilini zəif bildiyi üçün fikirlərini futbolçulara düzgün çatdıra bilməyib:

“Erik çox sadə, düzxətli və səmimidir. Özü-özlüyündə o, dürüst bir insandır, amma keçən mövsüm ona deməliydik ki, futbolçulara münasibətini bir azacıq yumşaltsın. Erik onları tez-tez tənqid edirdi, amma bəzən bu, onun ingilis dili səviyyəsinə görə yaşanırdı.

Ten Haq bu dildə danışır, amma heç də həmişə onun nüanslarını başa düşmür. Məsələn, ötən mövsüm o, braziliyalının “futbol səbəblərinə görə” əvəz edildiyini deyərək, Kazemironu qəzəbləndirmişdi. Erikin ağlında isə taktiki səbəblər vardı, amma nəticədə onu bir futbolçu kimi tənqid edərək, Çempionlar Liqasının çoxsaylı qalibini qəzəbləndirmişdi”, deyə gizli mənbə bildirib.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 126 oyuna çıxarıb, 72 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 232:177 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Premyer Liqanın 8 turdan 11 xal toplamış “Mançester Yunayted” yarış cədvəlində 12-ci pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir. Amma klub rəhbərliyi səbrlə niderlandlı mütəxəssisə fürsət verməyə davam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: