“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” üzərində ev qələbəsini (2:0) şərh edib.
Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bəli, bu, demək olar ki, mükəmməl oyun idi və oyun səviyyəsinə də baxsanız, məncə, bu da mükəmməl idi. Qaçırılmış fürsətlərin çoxluğuna görə sonda çətin anlar yaşadıq. Amma bəlkə də bu, belə oyunlar üçün yaxşı bir xüsusdur. Belə də olmalıdır. Amma ikinci qolu əvvəl vurmaq daha yaxşı olardı.
Biz həmişə çox təzyiq göstərirdik, amma onlar hücumda çox yaxşıdırlar. Ona görə də çox çalışmalı idik. Futbolçularımızda güc-qüvvə vardı. Bu gün oyunçularımızla yanaşı, tamaşaçılar da əla idilər”, deyə Arne Slot “Liverpul” azarkeşlərinin qələbədə xidmətini qabardıb.
Niderlandlı mütəxəssis “Mançester Siti”nin cari vəziyyəti və “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardilanın bacarığı haqda da fikrini bildirib:
“Siz çətin vəziyyətdə olan komandalara rəğbət və ya təəssüb hiss edirsiniz. Onlar ya çoxlu oyunlarda uduzublar, ya da cədvəlin sonuncu pilləsində qərarlaşıblar, amma “Pep” çox şeylər qazanıb və bacarıqlarını dəfələrlə sübut edib.
Keçən mövsüm, məncə, fevral ayında onlar “Arsenal”dan 8 xal geri qalırdılar. Ona görə də “Pep”ə acımağa gərək yoxdur, bəlkə də başqa məşqçilərə yazığı gəlmək olar, amma “Pep”ə yox. O, çox şey əldə edib və hər şeyi tərsinə çevirə biləcək, çünki çempionat noyabrda bitmir”.
Slot “Liverpul”un cari mövsüm İngiltərə Premyer Liqasında çempionluq imkanlarını da dəyərləndirib:
“Bu mövqedə olmaq gözəldir, amma siz məndən də yaxşı bilirsiniz ki, “Arsenal” və “Mançester Siti” indidən mövsümün sonuna qədər hər oyunda qalib gəlməyə qadirdirlər. “Çelsi” də hər oyunda qalib gəlməyə qadirdir. Premyer Liqanı maraqlı edən də budur – çoxlu böyük komandalar var. “Arsenal” ötən mövsüm böyük uçurum yaratmışdı, amma “Mançester Siti” onu qabaqlaya bildi”, – BBC Slotun ehtiyatlandığı xüsusdan sitat gətirir.
Bu qələbə sayəsində “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlində zirvədəki mövqeyini daha da möhkəmlədib. “Qırmızılar”ın 13 oyundan sonra 34 xalı var. “Mançester Siti” isə 23 xalla 5-ci pillədədir.


