Norveç Elitseriyasının qalibi müəyyənləşdi

Futbol üzrə Norveç milli çempionatının – Elitseriyanın 80-ci mövsümü başa çatıb və avrokuboklarda iştirak edəcək klublar məlum olub.

Arena.az məlumat verir ki, 2024-cü il Norveç çempionluğunu “Bodo Qlimt” qazanıb.

Bodo klubu artıq geridə qalmış mövsümdə 62 xal toplayıb və ötən mövsüm qazandığı çempion adını müdafiə etməyi bacarıb. Bu, “Bodo Qlimt”in 4-cü çempionluğudur. Daha əvvə Bodo təmsilçisi 2020-ci, 2021-ci və 2023-cü illərdə Norveç çempionluğunu qazanmışdı. Beləliklə, “Bodo Qlimt” gələn mövsümdə UEFA Çempionlar Liqasının ələmə mərhələsində iştirakını təmin edib.

2-ci yeri 59 xalla “Brann” tutub. Berqen klubu növbəti mövsümdə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış edəcək.

Bürünc medalı 57 xalla “Vikinq” qazanıb. Stavanqer təmsilçisi növbəti mövsümdə Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Norveç futbolunun nəhəngi “Rusenborq” isə fəxri 4-cü yerlə kifayətlənməli olub. “Kiçik cırtqozçular” 53 xal toplayıblar və növbəti mövsümdə Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar. Əlavə eədk ki, “Rusenborq” 26 dəfə Norveç çempionu olmaqla, mütləq rekordun sahibidir. “Rusenborq” sonuncu dəfə 2018-ci ildə Elitseriyanın qalibi olub.

Müvafiq olaraq 15-ci və 16-cı yerləri tutmuş “Lilleström” (24 xal) və “Odd” (23 xal) Elitseriyanı tərk edərək, Birinci Diviziona yuvarlanıblar. 14-cü yeri tutmuş “Höuqesunn” isə 33 xal toplayıb və Elitseriyada qalmaq uğrunda Birinci Divizion təmsilçisi ilə ələmə oyunlarında mübarizə aparacaq.

“Molde”nin norveçli yarımmüdafiəçisi Kristian Eriksen 14 qolla 2024-cü il Norveç Elitseriyasının ən sərrast qolçusu olub.

“Fredrikstad”ın danimarkalı qapıçısı Conatan Fişer isə 13 “quru” oyun keçirməklə, ən yaxşı qapıçı adını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: