AÇ-2024: Azərbaycan millisi Bakıda Belçika ilə üz-üzə

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv F qrupundakı 4-cü sınağında Belçika yığmasını qəbul edəcək.

Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək oyunu Serbiyadan olan FIFA referisi Nenad Minakoviç idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya səfərdə 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub. Estoniya yığması ilə Bakıdakı qarşılaşma isə 1:1 hesabıyla başa çatıb.

Belçika yığması isə əvvəlki oyunlarında İsveç və Estoniyaya səfərdə eyni hesabla (3:0) qalib gəlib, Avstriya millisi ilə doğma meydanda heç-heçəyə razılaşıb – 1:1.

Bu gün F qrupu çərçivəsində daha bir oyun baş tutacaq. Azərbaycan yığması kimi 1 xalı olan Estoniya yığması da İsveç millisini qəbul edəcək.

Maraq üçün qeyd edək ki, Belçika yığması Azərbaycan üçün tanış rəqibdir. Millimiz bu rəqiblə tarixi ərzində 5-ci dəfə üz-üzə gələcək. Belə ki, Azərbaycan millisi AÇ-2008 və AÇ-2012-nin seçmə mərhələlərində də “qırmızı şeytanlar”la eyni qrupda yer alıb. Hər iki tsiklin Belçikada baş tutan qarşılaşmasında meydan sahibləri 3 top fərqi ilə qalib gəliblər – müvafiq olaraq 3:0 və 4:1. Tərəflərin Bakıda ilk dueli də Belçika yığmasının 1:0 hesablı qələbəsiylə bitib. AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində “Tofiq Bəhramov”da keçirilən qarşılaşmada isə yığmamız bu rəqibini büdrətməyi bacarıb. 2011-ci il sentyabrın 2-nə təsadüf edən dueldə Rauf Əliyevin son dəqiqələrdə vurduğu qol Berti Foqtsun yetirmələrinə 1 xal qazandırmışdı. Bu həm də komandalar arasında keçirilən son görüş olub.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
9 sentyabr

17:00. Azərbaycan – Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Baş hakinin köməkçiləri: Slobodan Pavloviç, Nikola Boroviç (Serbiya).
Dördüncü hakim: Milan Mitiç (Serbiya).
VAR: Novak Simoviç (Serbiya).
AVAR: Momcilo Markoviç (Serbiya).
Bakı, “Dalğa Arena”.

Xal: Avstriya – 10. Belçika – 7. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: