AÇ-2024: İsveçli azarkeşləri güllələmiş caninin özü də öldü

Brüsseldə AÇ-2024-ün təsnifat mərhələsində Belçika – İsveç oyunu ərəfəsində baş vermiş xoşagəlməz hadisənin bəzi məqamları açıqlanıb.

Arena.az “DH Les Sports” dərgisinə istinadən məlumat verir ki, oyun ərəfəsində iki isveçli azarkeşi güllələmiş cani polis tərəfindən saxlanılarkən müqaviməti göstərib.

Nəticədə o, sinəsindən aldığı güllə yarasından reanimasiyaya aparıldığı təcili yardım maşınında ölüb.

Polis caninin şəxsiyyətini müəyyən edib. Bu şəxsin tunisəsilli Lassued Abdeslam olduğu ortaya çıxıb. Bu şəxsin Belçikada sığınacaq axtaran kəs olduğu və üstündə bir neçə növ silaha sahib olduğu bildirilir.

Hazırda əlaqədar orqanlar hadisənin bütün təfərrüatını araşdırırlar. Polis məlum dəlillər əsasında baş vermiş hadisəni öyrənir, caninin daha kimlərlə əlaqəli olduğunu, hadisənin əvvəlcədən planlaşdırılmış olub-olmadığı və s. bu qəbildən olan təxminləri istintaq edir. Yerli hakimiyyət əhalini diqqətli olmağa, ictimai asayişi qorumağa, təxribata sürükləyən fikirlərdən uzaq olmağa səsləyib.

Xatırladaq ki, ötən gecə Brüsseldə AÇ-2024-ün seçmə mərhələsinin Belçika – İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib. Fasiləyə qədər komandalar hərəyə bir qol vurublar. UEFA-nın bu qarşılaşma ilə bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: