AÇ-2024: UEFA meydanın suvarılması qaydalarını açıqladı

UEFA AÇ-2024-ün oyunlardan öncə meydanın suvarılması qaydalarını müəyyən edib – məqsəd “bataqlıq” yaranmasının qarşısını almaqdır.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, UEFA-da İngiltərə Premyer Liqasının “Bornmut” – “Mançester Yunayted” oyununda (2:2) yaşanmış mənzərə ilə üzləşməmək üçün müvafiq qərar qəbul ediblər.

Xatırladaq ki, həmin oyundan öncə həddən artıq suvarılmış meydan azarkeşlərin narazılığı ilə qarşılanmış, oyun isə “çarhovuzda keçirilmiş” oyun kimi qiymət almışdı. Tamaşaçıların fikrincə, “meydana gəmi salıb üzmək” olarmış. İndi UEFA AÇ-2024-də müvafiq xoşagəlməz təcrübədən sığortalanmaq istəyir.

Rəhbər qurum təkid edir ki, meydanın suvarılması oyunöncəsi iclasda elan edilməli və suvarma meydan üzrə bərabər paylanmalıdır. Suvarma oyunun başlamasına bir saat qalmış tamamlanmalıdır, baxmayaraq ki, bunun dəyişdirilə biləcəyi vaxtlar da var. Sahə yalnız müəyyən ərazilərdə deyil, bərabər şəkildə suvarılmalıdır – bu məqam isə xüsusilə vurğulanıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.