Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv doğma meydanda Macarıstan yığması ilə üz-üzə gələcək.
B Liqasının 1-ci qrupu çərçivəsində Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək.
Qrupun digər matçında İsveçrə yığması Türkiyə millisinin qonağı olacaq. Bu görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə məhz Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda isə komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə yığmasına səfərdə 0:1 hesabıyla uduzan komandamız doğma meydanda bu rəqibini eyni hesabla məğlub etmişdi.
Macarlar da oxşar nəticələrlə irəliləyirlər. Belə ki, millimizlə heç-heçədən (1:1) sonra Türkiyə (1:2) və İsveçrəyə (1:2) uduzan Macarıstan yığması son olaraq İsveçrəni doğma meydanda 1:0 hesabıyla üstələyib.
Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb.
Hazırda 1-ci qrupda İsveçrə 9 xalla vahid liderdir. Türkiyə yığmasının isə 6 xalı var.
Millimiz bu qrupdakı növbəti və sonuncu oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
12 iyul
20:00. Azərbaycan – Macarıstan
Hakimlər: Yelena Peykoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer (hamısı Xorvatiya).
Mərdəkan. “Dalğa Arena”.
Xal: İsveçrə – 9. Türkiyə – 6. Macarıstan – 4. Azərbaycan – 4.


