AÇ-2025: Azərbaycan millisi üçün İsveçrə sınağı

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində sonuncu matçına çıxacaq.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə İsveçrə yığması ilə üz-üzə gələcək.

B Liqasının 1-ci qrupu çərçivəsində Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutacaq görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qrupun digər matçında Macarıstan yığması Türkiyə millisini qəbul edəcək. Bu görüş də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə məhz Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda isə komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə yığmasına səfərdə 0:1 hesabıyla uduzan komandamız doğma meydanda bu rəqibini eyni hesabla məğlub etmişdi. Son olaraq Bakıda macarlarla qarşılaşmış Azərbaycan yığması 5 cavabsız qola üzülmüşdü.

İsveçrə yığması isə keçirdiyi beş oyundan dördündə qalib gəlib və yalnız macarlara səfərdə 0:1 hesabıyla uduzub.

Azərbaycan millisi 5 oyundan sonra 4 xalla qrup sonuncusudur. Hazırda 1-ci qrupda İsveçrə 12 xalla vahid liderdir. Macarıstanın 7, Türkiyə yığmasının isə 6 xalı var.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
16 iyul

21:00. İsveçrə – Azərbaycan
Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya).
Lozanna, “Olimpik De La Pontez” stadionu.

Xal: İsveçrə – 12. Macarıstan – 7. Türkiyə – 6. Azərbaycan – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: