AÇ-2025: Azərbaycan millisinin pley-offdakı rəqibi bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2025) pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələlərinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan milli komandasının da rəqibi bəlli olub.

Millimiz birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq. Komandamız ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.

Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində B Liqasının 1-ci qrupunda İsveçrə, Türkiyə və Macarıstan yığmaları ilə mübarizə aparıb. İsveçrə qrup qalibi kimi A Liqasına yüksəlib, millimiz isə sonuncu – 4-cü yeri tutduğü üçün növbəti mövsümdə C Liqasında mübarizə aparacaq. Amma komandamız B Liqasının qruplarında ən yaxşı dördüncü yerin sahibi kimi AÇ-2025-in final mərhələsində iştirak şansını davam etdirir. Azərbaycan millisinin bu şansdan necə yararlanacağı isə maraqla gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: