AFFA-nın növbəti Konfransı keçirildi – FOTO

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA-nın) növbəti Konfransı keçirilib. Arena.az xəbər verir ki, tədbir əvvəlcədən də xəbər verildiyi kimi, “Fairmont” hotelində baş tutub.

Prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 32 nəfəri Konfransda iştirak edir. Buna görə Konfrans yetərsaya uyğun olaraq səlahiyyətli hesab edilib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. O, ötən il ərzindəki əlamətdar hadisələri yada salıb.

Daha sonra hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Baş katib Sərxan Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq cari mövsümdən Premyer Liqada komandalarının sayı 10-a çatıb. Həmçinin, dünya futbolunda baş verən yeniliklərə uyğun olaraq, ölkə çempionatında VAR sistemi uğurla tətbiq edilib. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar kimi Tovuz şəhər stadionunun, Bayıl Arenanın ot örtüyünün yenilənməsi qeyd olunub.

Baş katibin çıxışından sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.

“Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyev ötən il ərzində görülən işlər, həyata keçirilən layihələrdən, klubların dayanıqlı maliyyə yardımı istiqamətində dövlət və özəl qurumlarla əlaqələrdən danışıb. FİF-in əməkdaşlığı sayəsində kublarla müxtəlif görüşlər keçirdiklərini, layihələrin uğurla davam etdirildiyi bildirib.

Konfransda qonaq qismində iştirak edən FIFA rəsmisi Heide Behan və UEFA nümayəndəsi Cozef Kliment çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək Konfransın uğurla təşkil olunduğunu qeyd edib, AFFA-ya ölkə futbolunun inkişafı naminə görülən işlərdə uğurlar arzulayıb.

Çıxışlar başa çatdıqdan martın 6-da 75 illik yubileyini qeyd edən ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimova yubiley münasibətilə təbrik ünvanlanıb, Rövnəq Abdullayev və Fərid Qayıbov yubilyara xatirə hədiyyəsi təqdim ediblər.

AFFA-nın Konfransı başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə baş katib Sərxan Hacıyevin mətbuat konfransı keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: