Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul edilib.
Arena.az xəbər verir ki, bu iki turnirin 28-ci turlarının oyunlarındakı qayda pozuntularına aşağıdakı formada hüquqi qiymət verilib:
Azərbaycan Premyer Liqası, 28-ci tur
“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz klubu 700 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”də 6 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib. Oyun “Araz-Naxçıvan”ın futbolçusunun formasında qüsur olması səbəbindən gec başladığı üçün Naxçıvan komandası 800 manat cərimə edilib.
“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcək.
Əvəzedicilər Liqası, 28-ci tur
“Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununun 45+2-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Tuqay Əlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Naxçıvan komandası 50 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə “Neftçi” 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Səbail-2” görüşündə “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib. Görüşün 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Nihat Fərəci rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Gəncə komandası 100 manat cərimə edilib.
Birinci Liqa, 19-cu tur
AFFA İntizam Komitəsi Birinci Liqanın 19-cu turunun oyunlarındakı qayda pozuntularına da hüquqi qiymət verib:
“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda Zona 1-də akkreditasiyası olmayan şəxslər olduğuna görə “Zaqatala” komandası 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” daha 80 manat cərimə edilib. Oyunda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zaqatala” 80 manat cərimə edilib.
MOİK – “Difai” oyununda MOİK-də 4 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilib.
“Karvan” – “Baku Sportinq” oyununun ilk hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib.
“İmişli” – “Cəbrayıl” oyununda “İmişli”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” 70 manat cərimə edilib.
“Qəbələ” – “Mingəçevir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Qəbələ” 100 manat cərimə edilib.


