AFFA “Qarabağ”la “Səbail”i cərimələdi, Musayevi cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 29-cu turunun oyunları ilə bağlı bu qərarlar qəbul olunub:

“Səbail” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Sabah”ın futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə edilib.

Oyun başa çatdıqdan sonra “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Paytaxt klubu rusiyalı mütəxəssisə görə də 800 manat cərimə edilib.

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib.

“Qarabağ” – “Kəpəz” matçında da oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olub. Buna görə “Qarabağ” klubu da 1600 manat cərimə edilib.

Hakimləri söyüb-döyən baş məşqçiyə 5 oyunluq cəza

İclasda AFFA-nın bayrağı altında keçirilən digər yarışlarla da bağlı qərarlar qəbul olunub. Həmin qərarların da bəzisi ilə sizi tanış edirik:

Region Liqasının “Şərur” – “Babək” oyununda “Babək”in futbolçusu Əsgər Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-14 Liqasının “Arpaçay” – “Araz Naxçıvan” oyununda qarşılaşmaya aidiyyəti olmayan “Babək”in baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 65-ci dəqiqəsində meydançaya daxil olaraq hakimi təhqir edib, köməkçi hakim Vüsal Xəlilzadəyə fiziki təzyiq göstərib. O, buna görə 5 oyun cəzalandırılıb.

U-13 Liqasının “İsmayıllı” – “Mil Muğan” oyununda “Mil-Muğan”ın baş məşqçisi Laçın Mustafayev qarşılaşmanın hakimini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-13 Liqasının “Ümid” – “Masallı” oyunu bitdikdən sonra “Masallı” komandasının yaş limitini pozduğu AFFA nümayəndəsi və hakim tərəfindən müəyyən edilib. Buna görə “Masallı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt”ın baş məşqçisi Vüsal Əsədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Alyans Qrup” oyunu “Alyans Qrup” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Alyans Qrup”a 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanıldığına görə komanda yarışlardan kənarlaşdırılıb.

U-12 Qızlar Liqasında keçirilən “Xırdalan City” – UGİM İsmayıllı oyununun 58-ci dəqiqəsində UGİM İsmayıllı komandasının baş məşqçisi Tərlan Vahidov oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 3 oyun cəzalandırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: