AFFA “Qaradağ Lökbatan”a texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Birinci Liqanın son oyunları ilə bağlı qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən qəbul olunmuş qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 29-cu tur

“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz”un futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb. “Turan Tovuz” buna görə 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə klubu 1500 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt”ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.

Birinci Liqa, 20-ci tur

“Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna daxil olduğuna görə “Qaradağ Lökbatan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “Qaradağ Lökbatan” buna görə 400 manat cərimə edilib.

“Difai” – “Karvan” oyununun 90+3-cü dəqiqəsində “Difai”nin inzibatçısı Murad Şirinov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Difai” buna görə 150 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Difai” 50 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə “Difai” daha 100 manat cərimə ödəyəcək.

“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” 150 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: