AFFA Qurban Qurbanovla Kevin Medinanı cəzasını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt”ın məşqçisi Mübariz Orucov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Sumqayıt” buna görə 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Gəncə klubu 700 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilib.

“Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.

Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” 700 manat cərimə edilib.

“Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Rasim Ramaldanov meydançaya daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb. “Qəbələ” klubu buna görə 1000 manat cərimə edilib.

“Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Qarabağ” klubu buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Qarabağ” buna görə 1000 manat cərimə edilib.

“Qəbələ” – “Qarabağ” matçının 88-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə Ağdam klubuna xəbərdarlıq edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: