“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna itkilərlə gəlmişdik. Pis futbol oynamadıq. İlk hissədə yaxşı qol imkanlarımız oldu. Matçın baş hakimi Fərid Hacıyevin nəticəyə ciddi təsiri oldu. İlk hissədə Nikolas Rayselin epizodunda ofsayd yox idi. İkinci hissədə oyunu nəzarətə almağa çalışdıq. Höccət Haqverdi ilə Rayselin münaqişəsində bizim futbolçuya “qırmızı”, rəqibə “sarı” verildi. Nə üçün belə qərar oldu, anlamadım. Hakimlər belə matçlarda daha ciddi olmalıdır. Bəlkə də, “Səbail”i çox araşdırmırlar. Amma bizə qarşı çox səhvlər olur. Bilmirəm, bəlkə kimsə dayaqsız, iddiasız olanda belə edirlər? Qəbələdə uduzduğumuz oyunda mənasız vərəqələr verilir. Onsuz bizim heyətimiz kasaddır. Artıq 3-cü oyundur ki, azlıqda qalırıq. Mənim kimi səbrli adam da artıq dözmür. Bu səhvlərin nədən irəli gəldiyini bilmirəm. “Sumqayıt”ın qələbəsinə kölgə salmıram. Ümimiyyətlə, hakimlər bizə qarşı diqqətli olsa, yaxşı olar.
Heç bir komandanın hücum xəttində bu qədər yerli futbolçu çıxış etmir. Keyfiyyət digər komandalara nisbətən aşağı ola bilər. Amma hər oyunda kifayət qədər qol imkanları yaradırıq. “Qarabağ”, “Neftçi” kimi rəqiblərlə oyunda da 5-6 qol fürsətimiz oldu. Mən futbolçularımdan razıyam.
Bəlkə də bu gün istəksiz oynadıq. Amma “Qarabağ”a qalib gəldikdən sonra futbolçularda hər hansı eyforiya müşahidə etmədim. İlk qolu vuran komandanın qələbə qazanmaq şansı daha yüksək olur. Futbolçuların oyunundan narazı qala bilmərəm. Onsuz da onlar aşağı məvacibə oynayır. Bu gecikəndə də sıxıntılar başlayır. Artıq bunlar düzəlib. Problem tez həll olundu. Əvəzedici komanda da demək olar ki, yol puluna oynayır.
Təbii ki, hər kəs əlində daha yaxşı heyət olmasını istəyər. Uzun müddətdir “Səbail”dəyəm. Könül istəyər ki, şərait daha yaxşı olsun. Buna baxmayaraq, həvəsdən düşmürük. Sevdiyim işi görürəm. Onsuz da qarşımıza böyük hədəflər qoyulmayıb. Gələcəkdə necə olacağını bilmirəm. “Səbail” mənə ilk qapı açan klubdur. Öz xoşumla getməyi düşünmürəm. Hazırda bütün diqqətim “Səbail”dədir”.


