Almaniyalı futbol mütəxəssis Aleksander Blessin Bundesliqa təmsilçisi Mönhenqladbax “Borussiya”sının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi 53 yaşlı mütəxəssisi vakant vəzifəyə rəsmən təsdiqləyib.
Tərəflər 2 illik uzunmüddətli müqavilə imzalayıblar.
Xatırladaq ki, “Borussiya” bu ay komandanın əvvəlki baş məşqçisi Oygen Polanski ilə yollarını ayırıb. Buna komandanın uğursuz nəticələri səbəb olub. Polanskinin gedişindən sonra baş məşqçi vəzifəsinin müvəqqəti icrası Yan-Morits Lixtenin üzərinə qoyulmuşdu.
Aleksander Blessin Avropanın müxtəlif çempionatlarında zəngin məşqçilik təcrübəsinə malikdir. Karyerası ərzində o, Belçikanın “Ostende” və “Yunion” klublarına rəhbərlik edib, həmçinin İtaliya A Seriyasında “Cenoa”nı çalışdırıb. Mütəxəssisin son iş yeri isə “Sankt Pauli” olub. Blessinin rəhbərliyi altında komanda ötən mövsümün yekununda Bundesliqada yerini qoruya bilməyib.
Yeni məşqçilər korpusunun qarşısında əsas vəzifə böhran yaşayan komandanı çətin vəziyyətdən çıxarmaqdır. “Borussiya” Bundesliqanın ilk 4 turunda keçirdiyi bütün oyunlarda məğlub olub və xal qazana bilməyib.
Hazırda Mönhenqladbax təmsilçisi turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.


