Aleksander Nübel “Bayern”lə yeni müqavilə bağladı

Almaniya çempionu “Bayern” hazırda “Ştutqart”da icarədə olan qapıçısı Aleksander Nübel ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasında 2025-ci ilin yayına qədər nəzərdə tutulmuş əvvəlki müqavilənin müddəti 2029-cu ilin 30 iyununa kimi uzadılıb.

Xatırladaq ki, bir müddət öncə Nübel “Bayern”ə qayıtmaq istəmədiyini, həmçinin “Ştutqart”da xoşbəxt olduğunu açıqlamışdı:

“Bayern”lə daha bir illik müqaviləm var, amma “Ştutqart”da özümü çox rahat hiss edirəm. Danışacağıq, amma “Ştutqart”da qalmaq mütləq çox, çox yaxşı seçimdir. Mən bunu açıq deyə bilərəm”.

“Bayern”in qapıçısı Bundesliqanın digər təmsilçisi “Ştutqart”a 2023-cü ilin iyul ayında icarə əsasında keçib. 27 yaşlı qolkiper bu ilin 30 iyununa kimi icarədə olacaq. “Ştutqart” 1 illik icarəyə görə “Bayern”ə 1 milyon avro ödəyib.

Aleksander Nübel 2020-ci ilin yayından “Bayern”də olsa da, bu komandada cəmi 4 oyuna çıxıb. 4 qol buraxıb, 1 “quru” matç keçirmiş alman qolkiper daha öncə iki mövsüm “Monako”da icarədə olub. O, “Bayern”ə gələnə qədər də “Paderborn” və “Şalke”də oynayıb.

Nübel bu mövsüm “Ştutqart”da 29 oyun keçirib. O, bu oyunlarda 34 qol buraxıb. Təcrübəli qolkiper 12 görüşdə qapısını toxunulmaz saxlamağa nail olub.

Vaxtilə Almaniyanın U-17 yığmasında oynamış Nübelə əsas millidə debüt etmək nəsib olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: