Aleksandr Ramalinqom “Səbail”i İsrail klubuna dəyişdi

Futbol üzrə Madaqaskar milli komandasının mərkəz hücumçusu Aleksandr Ramalinqom “Səbail”dən ayrılaraq İsrail çempionatına üz tutub.

Arena.az xəbər verir ki, 31 yaşlı forvard bundan sonra İsrailin “Bney Saxnin” klubunun formasını geyinəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Ramalinqomla 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ramalinqom “Səbail”ə ötən mövsümün əvvəlində qoşulmuşdu. O, bir il ərzində “dənizçilər”in heyətində 38 oyuna çıxıb, 17 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Aleksandr Ramalinqom karyerası ərzində “Sedan”, “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (hamısı Fransa), “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu Madaqaskar millisində 8 qarşılaşma keçirib.

Ramalinqom 2020-ci ilin oktyabr ayından formasını geyindiyi Madaqaskar yığmasında 8 oyun keçirib, fərqlənə bilməyib.

“Səbail” daha öncə Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev, Pedro Nuno və Ayub Masika ilə də yollarını ayırmışdı. Gedənlərin əvəzində paytaxt klubu Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Larruçea (“Etar”, Bolqarıstan), Mert Çelik (“Başakşəhər”, Türkiyə), Gülağa Əsədov (“İmişli”), Əlirza Müştəbazadə (“Difau Ağsu”), Ayman Buali (“Ümraniyəspor”, Türkiyə) və Giyat Sofiri (“Hapoel”, Akre) transfer edib. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: